Cümə, 29.03.2024, 00:58

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

YUSIBOV YUSIF ƏMIRALI OĞLU

YUSIBOV YUSIF ƏMIRALI OĞLU
Kimya elmləri doktoru, ÜQÜK kafedrasının professoru

Yusibov Yusif Əmiralı oğlu 20 aprel 1951-ci ildə Azərbaycan respublikası Samux rayonunun Samux kəndində anadan olmuşdur. 1968-ci ildə Bərdə rayonunun «Qırmızı Samux» kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1973-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
Y.Ə.Yusibov 1973-cü ildə keçmiş SSRI Elmlər Akademiyası M.D.Zelinski adına Üzvi Kimya Institutunun aspiranturasına daxil olmuşdur. 1978-ci ildə həmin institutda «NO qazının reduksiyası reaksiyasında sintetik seolitlərin tərkibindəki keçid elementlərinin katalitik aktivliyə təsirinin RFES (rentgen fotoelektron spektroskopiya) metodu ilə tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1978-81ci illərdə Moskva şəhərində Üzvi Kimya Institutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (AKTA) pedaqoji fəaliyyətə başlamış və 1981-93-cü illərdə həmin akademiyanın «Kimya» kafedrasında dosent vəzifəsini tutmuşdur.
1993-cü ildə «Mis və gümüş əsasında üçkomponentli halkogenidlərin alınmasının fiziki-kimyəvi əsasları və termodinamiki xassələri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 1996-cı ildə «professor» elmi adını almışdır. 1995-96-cı illərdə AKTA-da «Kimya» kafedrasının professoru, 1996-97-ci illərdə isə həmin kafedranın müdiri vəzifəsində işləmişdir. 1997-ci ildən BDU-nun «Ümumi və qeyri-üzvi kimya» kafedrasının müdiri vəzifəsində işləmişdir. 1997-ci ildən BDU-nun «Ümumi və qeyri-üzvi kimya» kafedrasının professorudur.
Professor Y.Ə.Yusibovun apardığı elmi-tədqiqat işlərinin nəticəsində üçlü yarımkeçirici xalkogenid sistemlərinin faza tarazlıqlarının və termodinamiki xassələrinin tədqiqi praktikasına kristallik superion elektrolitli elektrik hərəkət qüvvəsi metodu daxil edilmiş və bununla da üçlü yarımkeçirici xalkogenid sistemlərinin kompleks tədqiqi metodologiyasına nəzərə çarpacaq yeniliklər gətirmişdir. Bu baza əsasında yarımkeçirici texnikası üçün vacib olan qeyri-üzvi birləşmələrin müəyyən bir sinfinin – mis və gümüşün üçkomponentli xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları yaradılmışdır. Bu sistemlərdə faza tarazlıqları və onların termodinamiki xassələri üçün alınmış nəticələr üçkomponentli yarımkeçirici xalkogenidlərin termodinamikası və kimyası nöqteyi-nəzərindən də böyük əhəmiyyətə malikdir. Termodniamiki xassələrin və faza tarazlıqlarının kompleks tədqiqi metodologiyasına gətirilmiş yenilik onun elmi-metodiki bazasını genişləndirmiş və möhkəmləndirmişdir.
Professor Y.Ə.Yusibov fiziki-kimyəvi analiz, qeyri-üzvi sistemlərin termodinamikası və materialşünaslıq sahəsində ixtisaslaşmışdır. Onun elmi və pedaqoji fəaliyyəti 2 monoqrafiya, 4 dərs vəsaiti, 1 dərslik və 160-a qədər elmi əsərdə öz əksini tapmışdır. O, 1 elmlər namizədi hazırlamışdır.
«Kimyanın problemləri» elmi jurnalının redaksiya heyətinin üzvüdür.