Cümə axşamı, 25.04.2024, 20:39

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

ƏLIYEV OKTAY ƏKBƏR OĞLU

ƏLIYEV OKTAY ƏKBƏR OĞLU
Kimya elmləri namizədi, BDU-nun ÜQÜK kafedrasının dosenti

Əliyev Oktay Əkbər oğlu 1937-ci il dekabr ayının 12-də Ağdam rayonunun Parpavənd kəndində müəllim ailəsində dünyaya gəlmiş, 1955-ci ildə həmin rayonun Böyəhmədli orta məktəbini əla qiymətlə bitirib, 1955-57-ci illərdə o zamankı Azərbaycan SSR-nin «Cənubi Azərbaycan Geoloji-kəşfiyyat» dəstəsində fəhlə işləmiş, 1957-ci ildə H.Zərdabi adına Gəncə Pedaqoji Institutunun kimya – biologiya fakültəsinə daxil olub, həmin fakültəni 1962-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il Azərbaycan SSR Ali və orta təhsil nazirliyinin təyinatı üzrə Ağdam rayonuna kimya ixtisası üzrə müəllim təyin olunmuşdur.
O, 1962 – 1965-ci illərdə Ağdam rayonunun Novruzlu kənd orta məktəbində və Ağdam şəhər internat məktəbində kimya fənninin tədrisi ilə məşğul olmuşdur.
1965-ci ilin sentyabr ayında Azərbaycan SSR EA-nın «Qeyri-üzvi və fiziki kimya» ixtisası üzrə məqsədli aspiranturanın əyani şöbəsinə daxil olub və Moskva şəhərində SSRI EA N.S.Kurnakov adına «Ümumi və qeyri-üzvi kimya» elmi-tədqiqat institutunda aspiranturada oxumuş, SSRI EA-nın həqiqi üzvü I.V.Tananayevin və kimya elmləri doktoru B.F.Djurinskinin rəhbərliyi altında «SrO-B2O3-Ln2O3 sistemlərində qarşılıqlı təsirin öyrənilməsi» mövzusunda dissertasiya işini yerinə yetirib həmin institutun Elmi Şurasında 1969-cu ilin mart ayında müvəffəqiyyətlə müdafiə etmiş və 1969-cu ilin aprel ayında qeyri-üzvi kimya ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1969-cu ilin may ayından həmin ilin noyabr ayına kimi Azərbaycan SSR EA –nın «Qeyri-üzvi və fiziki-kimya» institutunun «Qeyri-üzvi sintez» laboratoriyasında elmi işçi vəzifəsində çalışmış və nadir-torpaq elementlərin oksidləri və bor oksidi əsasında üçlü oksid sistemlərində faza tarazlığının tədqiqi ilə məşğul olmuşdur. Onun MeO-B2O3-Ln2O3 sistemlərində apardığı elmi araşdırmalar elm və texnika üçün çox maraqlı olan nəticələr əldə etməsinə gətirib çıxarmışdır. Belə ki, onun B2O3 və Ln2O3 oksidləri əsasında s-elementlərdən Ca, Sr, Ba elementlərinin, 3d-keçid elementlərindən Fe(III), Co(II), Ni(II), Zn(II) oksidlərinin iştirakı ilə tədqiq olunan sistemlərdə ərintidə məhluldan kationqarışıq üçlü oksid fazaları monokristallar şəklində alınması üsullarının fiziki – kimyəvi əsaslarını işləməsi, alınmış monokristalların izostrukturluqlarının müəyyən edilməsi və elmi şəkildə əsaslandırılması nəzəri baxımdan çox maraqlı və əhəmiyyətlidir.
O, 1969-cu ilin noyabr ayında müsabiqə üzrə Azərbaycan Dövlət Universitetinin «Ümumi və qeyri-üzvi kimya» kafedrasında asisent, 1973-cü ilin iyun ayından isə həmin kafedranın dosenti vəzifəsinə seçilmişdir və indiyədək həmin kafedranın dosenti vəzifəsində çalışır. Bu müddət ərzində 100-dən çox diplom işinə rəhbərlik etmiş və 50-dən çox elmi məqaləsi respublika daxilində və onun xaricində elmi jurnallarda çap olunmuşdur. Bakıda, Kiyevdə, Moskvada, Sverdlovskdə, Istanbulda keçirilmiş elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir. Onun ZnO və GeO2 oksidləri əsasında tədqiq etdiyi üçlü oksid sistemlərində aldığı yeni üçlü oksid fazalar nadir-torpaq elementlərin anionqarışıq birləşmələri olub, nəzəri baxımdan çox maraqlıdırlar. Onlar lyuminoset xassəyə malik birləşmələrdirlər.
Onun «Nadir-torpaq elementlərin bəzi kation- və anionqarışıq boratlarının alınması, quruluşu və xassələri» mövzusunda doktorluq dissertasiyası ilkin müzakirədən keçmişdir və elmi ictimayət tərəfindən müsbət qarşılanmışdır. O, kimya fakültəsinin I kurs tələbələri üçün «Qeyri-üzvi kimya praktikumu» adlı dərs vəsaitinin müəlliflərindən biridir.
Bakalavr və magistratura pillərində təhsil alan tələbələr üçün və orta məktəb müəllimləri üçün «Xrom yarımqrup elementlərinin kimyası» adlı vəsait dərc etdirmiş, «II tərtib birləşmələr kimyasıt» adlı dərsliyi isə çapa təqdim etməyə hazırlayıbdır.
O. Əliyev kimya fakültəsinin I kurs tələbələrinə «ümumi kimya» fənnindən, IV kurs rus bölməsində «Bərk cismlər kimyası» fənnindən, fizika fakültəsinin II kurs rus bölməsi tələblərinə «Ümumi və qeyri-üzvi kimya» fənnindən, magistratura pilləsində «Bərk cismlər kimyası», «Qeyri-üzvi materialşünaslıq», «Qeyri-üzvi kimyanın nəzəri əsasları» və s. ixtisaslar üzrə mühazirələr oxuyur və buraxılış işlərinə rəhbərlik edir. O. fakültə tələbələrinin, fakültənin və bütövlükdə universitet kollektivinin hörmətini qazanmışdır.