Cümə, 26.04.2024, 18:17

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

MUSA RZA OĞLU BAYRAMOV

MUSA RZA OĞLU BAYRAMOV
Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor

Musa Rza oğlu Bayramov 1938-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuş, 1945-55-ci illərdə Söyüdlü kənd orta məktəbində onillik təhsil almış, sonra istehsalatda işləmiş və 1956-59-cu illərdə Bakı Kənd Təsərrüfatı Texnikumunda təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinə qəbul olmuşdur. O, BDU-nun son kurslarında oxuyarkən Ümumittifaq Elmi-Tədqiqat Olefinlər və Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri Institutunda (NKPI) laborant və mühəndis vəzifələrində işləmişdir.
M.R.Bayramov 1965-ci ildə NKPI-nin qiyabi aspiranturasına daxil olmuş və 1968-ci ildə vaxtından əvvəl namizədlik, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 1986-cı ildə professor elmi adını almışdır. O, 1969-cu ildə müsabiqə yolu ilə BDU Neft kimyası və kimya texnologiyası kafedrasına dosent, 1978-ci ildə isə həmin kafedraya müdir vəzifəsinə seçilmişdir və 30 ilə yaxındır ki, kafedraya rəhbərlik edir. 1991-ci ildə onun təşəbbüsü ilə kafedranın nəzdində «Alkenilfenollar və karbonilli birləşmələr kimyası» ETL-i yaradılmışdır. Onun rəhbərlik etdiyi illərdə kafedranın adı həmişə birincilər sırasında çəkilmişdir.
Prof. M.R.Bayramov ilk dəfə olaraq alkenilfenolların və onların müxtəlif törəmələrinin sintezi, kimyəvi çevrilmələri istiqamətində kompleks tədqiqat işləri apararaq, yeni nəsl fenol-formaldehid tipli doymamış oliqomerlərin, ekoloji təmiz stabilizatorların, plastifikatorların və s. alınması kimi proseslərin elmi əsaslarını işləyib hazırlamış və yeni elmi istiqamət yaratmışdır.
Onun apardığı elmi-tədqiqat işlərinin qiymətli cəhətlərindən biri də aldığı nəticələrin bilavasitə istehsalatla bağlı olmasıdır. M.R.Bayramovun doymamış fenol-formaldehid oliqomerləri əsasında al-dığı yüksək elastikli «BK-50» markalı yapışqanı aviasiya sənayesində tətbiq olunmuşdur. Ilk dəfə olaraq o, neft karbohidrogenlərinin mülayim şəraitdə pirolizi üçün, nadir torpaq elementləri ilə mo-difikasiya olunmuş yüksəksilisli səmərəli katalizatorların alınması istiqamətində də tədqiqat işləri aparmışdır.
Prof. M.R.Bayramov 300-dən çox elmi əsərin, o cümlədən 40 müəlliflik şəhadətnaməsi və 10 patentin, 8 monoqrafiya, dərslik və dərs vəsaitinin, 13 dərs proqramı və metodik göstərişlərin müəllifidir. Elmi əsərlərindən ikisi Rusiyanın «Uspexi ximii» və «VMS» jurnallarında icmal məqaləsi kimi çap edilmişdir. Respublika və xarici ölkələrdə keçirilən simpozium və konqreslərdə tez-tez məruzələrlə çıxış edir.
Respublika və xarici ölkələr üçün kimyaçı kadrların hazırlanmasında da M.R.Bayramov xeyli işlər görmüşdür. Onun rəhbərliyi ilə 15 nəfər elmlər namizədi və elmlər doktoru, 10 magistr müdafiə etmişdir. Hazırda bir doktorantın elmi məsləhətçisi və 2 dissertantın rəhbəridir. Onun yetişdir-mələrindən 10 nəfərə qədəri Kimya fakültəsində, 6 nəfəri isə xarici ölkələrdə (Hindistan, Vyetnam, Iran-Islam Respublikası, Misir, Suriya, Əlcəzair) fəaliyyət göstərir.
Ixtiraları ilə əlaqədar olaraq, prof. M.R.Bayramov «SSRI Ixtiraçısı» döş nişanı ilə təltif olunmuşdur. O, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən «Qabaqçıl Təhsil Işçisi» döş nişanı, 2007-ci ildə isə qazandığı elmi uğurlara görə Bakı Dövlət Universiteti üzrə «Ilin Alimi» fəxri adı ilə təltif edilmişdir.
O, Neft Kimya Prosesləri Institutunda fəaliyyət göstərən Müdafiə, Bakı Dövlət Universitetinin və Kimya fakültəsinin Elmi Şuralarının üzvüdür.