Çərşənbə, 24.04.2024, 17:13

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

HACIYEV MEYVƏDDIN MAHMUD OĞLU

HACIYEV MEYVƏDDIN MAHMUD OĞLU
Neft kimyası və kimya texnologiyası kafedrasının professoru


Meyvəddin Mahmud oğlu Hacıyev 1939-cu il mart ayında Qusar rayonunun Hil kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1960-ci ildən Azərbaycan Elmlər Akademiyası Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri Institutunda laborant, baş laborant, baş texnik və mühəndis vəzifələrində işləmişdir. 1965-ci ildən Ümumittifaq Elmi-Tədqiqat Texniki Təhlükəsizlik Institutunda mühəndis, Zəylik Filizçıxarma Baş Idarəsində baş mühəndis vəzifələrində işləmişdir. 1967-ci ildən indiyə kimi Bakı Dövlət Universitetinin «Neft kimyası və kimya texnologiyası» kafedrasında laborant¬dan professor vəzifəsinə qədər yüksəlmişdir. 1973-cü ildə «Metilen-, alkeniltsikloalkanlara və alkenilbenzollara alfa halogenefirlərinin elektrofil birləşmə reaksiyalarının tədqiqi» mövzusunda namizədlik, 1992-ci ildə «Üzyi kimya» ixtisası üzrə «Doymamış karbohidrogenlərin elektrofil alkoksimetilhalogenləşdirilməsi» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Prof. M.M.Hacıyevin əsas elmi istiqaməti halogenefirlərin doymamış karbohidrogenlərə birləşmə reaksiyalarının tədqiqi və birləşmə məhsulları əsasında yeni pestisid, inhibitor və flotoreagentlərin alınmasından ibarətdir. Onun tərəfindən metiltsikloalkenlər və 4-viniltsikloheksen əsasında səmərəli inhibitorlar, polienlərdən insektisidlər sintez edilmiş, sınaqdan keçirilmiş və tətbiq üçün tövsiyə edilmişdir. Onun aldığı boy maddələri geniş tətbiq sahəsini tapmış və Moskvada keçmiş SSRI-nin kənd təsərrüfatı nailiyyətləri sərgisində nümayiş etdirilmişdir. M.M.Hacıyev ilk dəfə olaraq metilentsikloalkanların xlorefirləri ilə reaksiyası zamanı gedən izomerləşmənin qarşısını almaq üçün yeni katalizator təklif etmişdir. O, təsərrüfat müqaviləsi ilə aparılan elmi-tədqiqat işlərinə rəhbərlik etmiş və bu işlərin nəticələri Bakı Kondisioner, Sverdlovsk vilayəti Revda şəhəri metal-furnitur zavodlarında sınaqdan keçirilmiş və istehsalata tətbiq olunmuşdur.
Prof. M.M.Hacıyev olefinlər əsasında bitki zərərvericilərinə qarşı yeni dərman preparatı almışdır. Sintez olunan preparat kənd təsərrüfatında istixana bitkiləri üzərində sınaqdan keçirilmiş və preparatın yüksək effektə malik olduğu müəyyən edilmişdir. Preparatın alındığı ilkin xammal çox ucuz, istehsal texnologiyası sadə olduğu üçün iqtisadi cəhətdən çox əlverişlidir və istehsalata tətbiq olunmaq üçün tövsiyə edilmişdir.
O, ucuz xammal əsasında xlorlu və azotlu birləşmələrdən müxtəlif markalı poladların paslanmasına qarşı səmərəli inhibitor maddələri almışdır. Ucuz və sadə üsulla alınan həmin inhibitorlar neftçıxarma və neft-kimya sənayesində tətbiq olunmaq üçün tövsiyə edilmişdir.
Prof. M.M.Hacıyev metalların korroziyasına qarşı inhibitorların sintezi və tətbiqi, kənd təsərrüfatı zərərvericilərinə qarşı pestisidlərin sintezi və tətbiqi sahəsində tanınmış mütəxəssislərdən biridir. O, 1998-ci ildə «Neft kimyası və kimya texnologiyası» ixtisası üzrə professor adını almışdır.
Prof. M.M.Hacıyevin elmi və pedaqoji fəalliyəti 2 monoqrafiya, 5 dərslik və dərs vəsaitində, 120-dən çox elmi əsərdə, o cümlədən 20 müəlliflik şəhadətnaməsi və patentlərdə özünü əks etdirir. Onun əsərləri MDB ölkələrində, Rusiya, Macarıstan, Türkiyə, Çexiya və digər xarici ölkələrdə çap edilmişdir.
Universitetdə işlədiyi müddətdə prof. M.M.Hacıyevin rəhbərliyi ilə bir neçə magistr namizədlik dissertasiyalarını müdafiə etmişdir.
M.M.Hacıyev respublikamızda və eləcə də MDB ölkələrində keçirilən Beynəlxalq Konqress və simpoziumlarda məruzələrlə çıxış edir. O, Macarıstanda Budapeşt Texniki Universitetində, Slovakiyada Bratislava Dövlət Universitetində elmi stajkeçmədə olmuş və elmi məruzələr ilə çıxış etmişdir.
M.M.Hacıyev Bakı Dövlət Universitetində 40 ildən artıqdır ki, fəaliyyət göstərir. Bu müddət ərzində o fakültə xalq nəzarəti qrupunun sədri, partiya bürosunun üzvü, fakültə həmkarlar təşkilatının sədri, dekan müavini və dekan vəzifələrində işləmişdir. Universitetin ictimai və tədris işlərində səmərəli fəaliyyətinə görə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmışdır.
M.M.Hacıyev 1987-ci ildə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsi yanında Marksizm-leninizm Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. O, əmək veteranıdır.
O, «Üzvi və neft-kimyəvi sintez texnologiyasından praktikum», «Üzvi maddələrin texnologiyası» (1998), «Şüşə və odadavamlı materialların texnologiyası» (2006, rus dilində) yeni nəşri, «Neft kimyasından təcrübə məşğələləri», «Neft kimyası və neft-kimya sintezində praktikum», «Ümumi kimya texnologiyasından praktikum» adlı kitabların müəllifidir.
O, iki cildlik «Kimya texnologiyası» və 600 səhifəlik «Neft kimyası və neft-kimyəvi sintez» kimi dərsliklərinin elmi redakoru olmuşdur.
Prof. M.M.Hacıyev Macarıstanda Budapeşt və Vesprem Texniki Universitetləri, Bratislava Dövlət Universiteti, Moskva Dövlət Universiteti, Sankt-Peterburq Texnologiya və Dövlət Universitetlər ilə elmi əlaqələr saxlayır.
Hazırda Bakı Dövlət Universiteti «Neft kimyası və kimya texnologiyası» kafedrasının professorudur.